BAKI, 9 noyabr. TELEQRAF

Böyük Britaniyada barələrində deportasiya qərarı çıxarılmış 20 minə yaxın xarici ölkə vətəndaşı hələ də ölkə ərazisindədir.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniyadan deportasiya edilənlərin sayı 2020-ci ildə 8 min nəfər olduğu halda, 2025-ci ildə 36 minə çatıb. Lakin onların 30 faizindən azını cinayət törətmiş əcnəbilər təşkil edib.

Məhkum edilmiş Somali vətəndaşlarının yalnız 1,9 faizi ölkədən çıxarılıb. Yamayka vətəndaşları arasında bu göstərici 3,1, Nigeriya vətəndaşları arasında isə 4,8 faiz olub.

İraq, Zimbabve, Əlcəzair və Vyetnam vətəndaşlarının deportasiya göstəriciləri də olduqca aşağıdır. Konqo Demokratik Respublikasının məhkum edilmiş 161 vətəndaşından yalnız biri vətəninə göndərilib.

Qəzetin yazdığına görə, zorlamaya görə 17 il həbs cəzasına məhkum edilmiş Nigeriya vətəndaşı da ölkədən deportasiya olunmayıb. Həmin şəxs hökm çıxarılan zaman başqa bir zorlama ittihamı üzrə girov müqabilində azadlıqda olub.

Nəşr onun insan hüquqları ilə bağlı mülahizələrə görə deportasiya edilmədiyini bildirib.