BAKI, 26 iyul. TELEQRAF

Almaniyanın paytaxtı Berlində, Tierqarten parkı yaxınlığında avtomobilin insanların üzərinə sürülməsi nəticəsində azı bir nəfər ölüb, 15 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə N-tv telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, avtomobil Tierqarten parkına daxil olaraq bir neçə nəfəri vurub.

Polis nümayəndəsinin sözlərinə görə, hadisə yerində reanimasiya tədbirləri görülsə də, bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Daha 15 yaralıya xilasedicilər tərəfindən tibbi yardım göstərilir.

Berlin polisi hadisə ilə bağlı şübhəlilərin intensiv axtarışına başlayıb. Əməliyyata polis helikopteri də cəlb edilib.