BAKI, 26 iyul. TELEQRAF
İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması ilə bağlı aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, cümə və şənbə günləri Tehranda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən danışıqlarda iki ölkə Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin idarə olunması üzrə ortaq prinsipləri və əməliyyat mexanizmlərini müzakirə edib. Müzakirələr sahilyanı dövlətlərin suveren hüquqlarına hörmət prinsipi əsasında aparılıb.
İsmayıl Bəqayi qeyd edib ki, Oman nümayəndə heyəti şənbə günü axşam Tehranı tərk etsə də, tərəflər arasında texniki və siyasi məsləhətləşmələr davam edir.
Nazirlik rəsmisi, həmçinin bildirib ki, hazırda Hörmüz boğazında gəmi hərəkətinin vəziyyətində hər hansı dəyişiklik qeydə alınmayıb.