BAKI, 23 iyul. TELEQRAF
“Vladimir Putin Rusiyada səfərbərlik elan etməyə və müharibəni daha da genişləndirməyə hazırlaşır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə İrlandiya Baş naziri Mixol Martinlə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Bizim qiymətləndirməmizə görə, Putin Ukraynaya qarşı yeni zərbələr hazırlayır, Rusiyada əlavə səfərbərlik planlaşdırır və müharibəni genişləndirməyə hazırlaşır”, - dövlət başçısı bildirib.
Zelenski əlavə edib ki, hazırda Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbul edilməsi ilə bağlı qərarları xüsusi əhəmiyyət daşıyır.
Ukrayna Prezidenti Rusiyanın zərbələrinin dörd il yarımdan çox davam edən müharibədə bir gün belə dayanmadığını vurğulayıb:
“Rusiya ordusunun mülki əhalimizi vurmadığı bir gün belə olmayıb. Bu, kiminlə döyüşdüyümüz və nəyi müdafiə etdiyimiz barədə çox şey deyir”.