BAKI, 23 iyul. TELEQRAF

Rusiya ordusu ağır itkilərə baxmayaraq, Ukraynanın Xarkov vilayətinin şimalında aktiv cəbhəni genişləndirməyə və yeni istiqamətlərdə müdafiə xəttini (dövlət sərhədini) yarmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Rusiya qoşunları Pivdenno-Slobojan istiqamətində, “Qart” sərhəd briqadasının müdafiə zolağında gərginliyi artırmaqda davam edir. Son həftələr hücum əməliyyatları zamanı böyük itkilər verdikdən sonra indi yeni istiqamətlərdə müdafiəni yarmağa cəhd göstərirlər”, - açıqlamada bildirilib.

Məlumata görə, Rusiya ordusunun kiçik piyada qrupları Ukrayna dövlət sərhədinə yaxın yerləşən Artilne yaşayış məntəqəsi istiqamətində irəliləməyə çalışır.

Ukrayna xidməti Rusiya qüvvələrinin hərəkətini izlədiklərini və onların canlı qüvvəsi və hərbi texnikalarını həm Ukrayna, həm də sərhədə yaxınlaşmamışdan əvvəl Rusiya ərazisində məhv etdiklərini bildirib.