BAKI, 24 iyul. TELEQRAF

Rusiyanın Kirov şəhərində raket hücumundan sonra ordu üçün zenit raketləri istehsal edən zavodda yanğın baş verib. Müəssisə Ukrayna sərhədindən 1000 kilometrdən çox məsafədə yerləşir.

Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.

Səhər saatlarında Kirov sakinləri partlayış səsləri və yanğın barədə məlumat veriblər. Ardınca hücumun hədəfinin “Vyatsk” maşınqayırma müəssisəsi (AVİTEK) olduğu bildirilib.

Müəssisə hərbi, ikili təyinatlı və mülki məhsullar istehsal edir. Bura hava hücumundan müdafiə vasitələri, aviasiya komponentləri və digər məhsullar daxildir. Zavod tam istehsal gücünə malikdir.

Ukrayna ordusunun “Flaminqo” raketi ilə vurduğu AVİTEK “Tor” zenit-raket komplekslərinin, X-101, X-59M2 və X-59M2A qanadlı raketlərinin, eləcə də digər hərbi sistem və avadanlıqların istehsalında iştirak edir. Bundan əlavə, zavod “Su-34” və “Su-57” qırıcıları üçün K-36DM katapult oturacaqlarının istehsalı, təmiri və modernləşdirilməsi ilə məşğuldur.