BAKI, 26 iyul. TELEQRAF
ABŞ və İran hərbi qarşıdurmada həlledici üstünlük əldə edə bilmədiyi üçün münaqişənin aylarla uzana biləcəyi ehtimal olunur.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) hərbi analitiklərə istinadən məlumat yayıb.
Qəzetin həmsöhbəti olan ekspertlərin fikrincə, həm Vaşinqton, həm də Tehran qarşıdurmanın daha da genişlənməsinə hazır olduqlarını nümayiş etdirirlər. Bununla belə, tərəflər hərbi güclə əldə edə biləcəkləri imkanların sərhədinə yaxınlaşırlar.
Analitiklər hesab edirlər ki, yaranmış vəziyyət münaqişənin daha bir neçə ay davam etməsi riskini artırır. Bu müddətdə tərəflər mövqelərini möhkəmləndirməyə və üstünlük əldə etməyə çalışacaqlar.
WSJ qeyd edir ki, İran uzun illər davam edən sanksiyalara tab gətirmək və ABŞ-nin iqtisadi təzyiq cəhdlərinə müqavimət göstərmək qabiliyyətini nümayiş etdirib.