BAKI, 26 iyul. TELEQRAF

Küləyin sürəti saniyədə 45 metrə çatan "Hunşya" (Noul) tayfunu Çinin cənubundakı Quanqdon əyalətinə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Meteorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, beynəlxalq adı Noul olan "Hunşya" tayfunu dənizdən Huycou şəhəri sahillərinə çıxıb. Şəhər Şençjen və Honkonq yaxınlığında yerləşir.

Tayfun yaxınlaşmazdan əvvəl Quanqdon əyalətinin hakimiyyəti 340 mindən çox sakini təhlükəsiz ərazilərə təxliyə edib.

Sinoptiklərin proqnozuna əsasən, yaxın 24 saat ərzində əyalətin inzibati mərkəzi Quanqcou şəhərində güclü leysan yağışları gözlənilir. Yağıntının həcminin 50-100 millimetr, bəzi ərazilərdə isə 250 millimetrə çatacağı bildirilir.

Qeyd olunur ki, Çində yay mövsümü ənənəvi olaraq leysanlar, tayfunlar, daşqınlar və geoloji fəlakətlərlə müşayiət olunur.