BAKI, 24 iyul. TELEQRAF
Ukrayna Müdafiə Qüvvələri bu gün Rusiyanın Kirov şəhərində yerləşən mühüm hərbi müəssisələrdən birinə zərbə endirib.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bu müəssisə işğalçı ordunun aviasiya və raket texnikası üçün komponentlər istehsal edir. Həmin texnikadan şəhər və kəndlərimizə kütləvi hücumlarda istifadə olunur. Dəqiq zərbəyə görə döyüşçülərimizə təşəkkür edirəm. Bu, tamamilə ədalətli cavabdır”, - Zelenski bildirib.
Prezident əlavə edib ki, Ukraynanın uzaqmənzilli zərbələri təxminən 1350 kilometr məsafədə yerləşən neft obyektinə qarşı da uğurla həyata keçirilib:
“Bundan başqa, digər hədəflər də vurulub. İşğalçı ordunu dronlar üçün komponentlər, naviqasiya avadanlıqları və digər təchizatla təmin edən Rusiya logistikasına qarşı əməliyyat da davam edir”.
Xatırladaq ki, Ukrayna mediası bundan əvvəl Kirov şəhərində yerləşən hərbi zavoda hava hücumu barədə məlumat yaymışdı.