BAKI, 26 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları genişləndirmək qərarını təxirə saldığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Donald Tramp iyulun 24-də İranla bağlı əsas müşavirləri və yüksəkvəzifəli rəsmilərlə müşavirə keçirib. Görüşün əsas mövzusu Patriot hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin və digər HHM sursatlarının ehtiyatlarının azalması olub.

Qəzet yazır ki, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Mərkəzi Komandanlığın (CENTCOM) İrana qarşı genişmiqyaslı əməliyyatları bərpa edə biləcəyini, lakin bunun raket ehtiyatlarını təhlükəli səviyyəyə endirəcəyini bildirib.

"The New York Times"ın mənbələrinin sözlərinə görə, Trampın yaxın ətrafında münaqişənin daha da genişlənməsini dəstəkləyənlərin sayı azdır. Adı açıqlanmayan ABŞ rəsmisi qəzetə bildirib ki, genişmiqyaslı hücumların İranı danışıqlar masasına qaytaracağı gözlənilmir. Əksinə, Vaşinqtonun zərbələri İran cəmiyyətinin daha da birləşməsinə səbəb olur.

Nəşr qeyd edir ki, ABŞ administrasiyası müharibənin genişlənməsinin Fars körfəzindəki müttəfiqlərlə münasibətləri çətinləşdirə, İranın mümkün cavab hücumları riskini artıra, həmçinin enerji və miqrasiya böhranını dərinləşdirə biləcəyindən narahatdır.