
BAKI, 20 fevral. TELEQRAF
Müharibəyə Rusiyanın yox, Ukraynanın şərtləri ilə son qoyulmalıdır.
Teleqraf xəbər verir ki, Avstraliya müdafiə naziri Riçard Marles ABŞ Prezidenti Donald Trampın məsələ ilə bağlı yanaşmasını tənqid edib.
“Müharibə Ukraynanın şərtləri ilə həll edilməlidir, çünki burada təcavüzkar Rusiya Federasiyasıdır və qlobal qaydalara əsaslanan nizamın bütövlüyü ona görə təhlükə altındadır. Biz buna son qoymaq cəhdlərini alqışlayırıq, amma bu, başqa şərtlər yox, Ukraynanın şərtləri ilə olmalıdır. Ukraynanı dəstəkləməyə davam edəcəyik”, - müdafiə naziri deyib.
Avstraliya Hind-Sakit okean regionunda ABŞ-nin ən mühüm hərbi müttəfiqidir. Hər iki ölkənin bölgədə əsas hədəfi son zamanlarda yerdə hərbi gücünü artıran Çindir.