BAKI, 13 noyabr. TELEQRAF

Fransa xarici işlər naziri Jan-Noel Barro İsrail hakimiyyətinin solçu siyasətçi Jan-Lük Melanşonun ölkəyə girişinə qadağa qoymasını demoqogiya adlandırıb.

Teleqraf xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“Beynəlxalq hüquq normalarını dəfələrlə pozmuş hökumətin qəbul etdiyi bu demaqoji qərar İsrail-Fələstin münaqişəsindən siyasi məqsədlər üçün istifadə edənlərin, o cümlədən ‘Tabe Olmayan Fransa’ partiyasının maraqlarına xidmət edir”, – Barro bildirib.

Nazir vurğulayıb ki, Fransa iki dövlət prinsipinə əsaslanan həll yolunu, İsrail və Fələstin xalqlarının sülh şəraitində birgə yaşamasını dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, İsrailin xarici işlər naziri Gideon Saar “Tabe Olmayan Fransa” partiyasının lideri Jan-Lük Melanşonun və partiyanın parlament fraksiyasının rəhbəri Matild Panonun ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyi qərarı həmin siyasətçilərin İsrailə qarşı bəyanatları ilə əsaslandırıb.