BAKI, 13 noyabr. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı hərbi əməliyyatların yenidən başlanacağı ilə bağlı İsrailə xəbərdarlıq göndərilməsi barədə məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un nümayəndəsi “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib.
“İsrail mediasında yayılan məlumatlar sadəcə ehtimallardır. İsrailə bu məzmunda heç bir müraciət edilməyib”, – deyə hərbi komandanlığın nümayəndəsi vurğulayıb.
Bundan əvvəl İsrailin KAN dövlət teleradio şirkəti amerikalı rəsmiyə istinadən ABŞ-nin İsraili və Fars körfəzi ölkələrini İrana qarşı hərbi əməliyyatların yaxın vaxtlarda bərpa oluna biləcəyi barədə xəbərdar etdiyini iddia etmişdi.
KAN-ın məlumatında bu iddiaların ABŞ Prezidenti Donald Trampın Tehranla müharibəni yenidən başlatmağa ehtiyac görmədiyi barədə əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil etdiyi də qeyd olunub.
Bununla belə, regionda gərginlik davam edir. İran limanlarının dəniz blokadası saxlanılır, Pentaqon isə Yaxın Şərqə əlavə qüvvələr, o cümlədən üçüncü aviadaşıyıcı zərbə qrupu göndərir.