BAKI, 13 noyabr. TELEQRAF

ABŞ-də “Ulduz müharibələri” (“Star Wars”) filmində Dart Veyderin istifadə etdiyi işıq qılıncı hərracda rekord məbləğə – 4 milyon 875 min dollara satılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Heritage Auctions” hərrac evi məlumat yayıb.

Bildirilib ki, Texas ştatının Dallas şəhərində keçirilən hərracda satılan qılınc “Ulduz müharibələri” franşizası ilə bağlı indiyədək hərraca çıxarılmış kolleksiya əşyaları arasında dünya rekordu müəyyənləşdirib.

Əvvəlcə eksponatın dəyəri 1 milyon dollardan çox qiymətləndirilirdi.

Qılıncdan 1980-ci ildə çəkilmiş “Ulduz müharibələri: İmperiya cavab zərbəsi endirir” və 1983-cü ildə ekranlaşdırılmış “Ulduz müharibələri: Cedayın qayıdışı” filmlərinin çəkilişlərində istifadə olunub.

Rekvizitdən Dart Veyder obrazını canlandıran aktyor Devid Prouz və onun dublyoru yararlanıblar.

Qeyd edək ki, “Ulduz müharibələri” amerikalı rejissor Corc Lukasın yaratdığı və dünya miqyasında böyük populyarlıq qazanan elmi-fantastik franşizadır.