BAKI, 13 noyabr. TELEQRAF
Böyük Britaniya hökuməti 1300 sığınacaq axtaran şəxsin keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” telekanalı Böyük Britaniyanın Mənzil Tikintisi, İcmalar və Yerli İdarəetmə Nazirliyinə istinadən məlumat yayıb.
Qərara əsasən, Oksfordşir qraflığındakı keçmiş Bister hərbi bazasının anbar ərazisi müvəqqəti yaşayış məntəqəsi kimi istifadə olunacaq.
Nazirliyin nümayəndəsi bildirib ki, obyektin mərhələli şəkildə istifadəsinə icazə verilib. Burada ölkəyə qeyri-qanuni yollarla daxil olmuş 1300 sığınacaq axtaran şəxsin yerləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Böyük Britaniyada qeyri-qanuni miqrasiya ciddi problemlərdən biri olaraq qalır. 2018-ci ildən bəri 215 mindən çox insan La-Manş boğazını kiçik qayıqlarla keçərək ölkəyə daxil olub.
Sığınacaq müraciətlərinə baxıldığı müddətdə həmin şəxslərin xüsusi mərkəzlərdə yerləşdirilməsi nəzərdə tutulsa da, mövcud imkanlar tələbatı tam qarşılamır.