BAKI, 13 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bir sıra Yaxın Şərq ölkələrinin xahişi ilə Vaşinqtonun İrana qarşı daha sərt hərbi tədbirlərdən çəkindiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə amerikalı jurnalist Stiven Ey Smitə müsahibəsində danışıb.
ABŞ Prezidenti İranla münaqişəni dərhal başa çatdıra biləcəyini iddia edib.
“Qorumağa çalışdığım ölkələrin xahişi ilə bir qədər uzun, amma daha sivil yol seçdik. Səudiyyə Ərəbistanı məndən xahiş etdi ki, vəziyyəti hələlik olduğu kimi saxlayım”, – Tramp bildirib.
Onun sözlərinə görə, Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də Vaşinqtondan daha sərt addımları təxirə salmağı istəyib.
Tramp qeyd edib ki, həmin ölkələrin mövqeyi olmasaydı, ABŞ İrana qarşı daha genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirərdi.
“Biz artıq çox irəli getmişik. Onlara zərbələr endirmişik, lakin körpülərinin əksəriyyətinə toxunmamışıq. Böyük körpülərindən birini dağıtmışıq. Bununla belə, elektrik enerjisi və istehsal infrastrukturunu qoruyub saxlamalarına imkan vermişik. Energetika sektoruna ümumiyyətlə hücum etməmişik”, – ABŞ Prezidenti vurğulayıb.