BAKI, 13 noyabr. TELEQRAF
Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində son üç gün ərzində aparılan intensiv danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner “X” sosial şəbəkəsində bildirib.
“Bu gün Rusiya ilə Ukrayna arasında dəhşətli müharibəyə son qoymaq məqsədilə aparılan üç günlük intensiv diplomatik səylər başa çatdı”, – Kuşner qeyd edib.
Onun sözlərinə görə, Əbu-Dabidə Rusiya və Ukrayna nümayəndə heyətləri ilə üçtərəfli danışıqlardan sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birlikdə Moskvaya gedərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Daha sonra Dublində Volodimir Zelenski ilə danışıqlar aparıblar.
Kuşner bildirib ki, diplomatik təmaslar Ukrayna, Almaniya, İtaliya, Fransa, İrlandiya, Polşa və Avropa İttifaqının milli təhlükəsizlik üzrə müşavirləri ilə məsləhətləşmələrlə yekunlaşıb.
“Aylarla davam edən fasilədən sonra birbaşa danışıqların bərpası üçün böyük iş görülüb. Tərəflərin narahatlıqlarının anlaşılması, mümkün həll yollarının müəyyənləşdirilməsi və növbəti addımların hazırlanması istiqamətində ciddi irəliləyiş əldə etmişik”, – o vurğulayıb.
ABŞ rəsmisi tərəflər arasında hələ də mühüm fikir ayrılıqlarının qaldığını etiraf etsə də, Vaşinqtonun əldə olunan nəticələri ümidverici hesab etdiyini bildirib.