BAKI, 11 noyabr. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In hakimiyyəti irsi qaydada qızına - təxminən 13 yaşında olduğu ehtimal edilən Kim Çu E-yə ötürə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi mənbələrə istinadla məlumat yayıb.

“İnsanlar düşünürlər ki, Çu E onların monarxı olacaq”, - Kim Yu Mi adlı xaricdə yaşayan koreyalı qadın agentliyə deyib.

Mənbənin məlumatına görə, Şimali Koreyanı tərk etmiş digər şəxslərin əksəriyyəti də Kim Çen Inın qızını atasının ən real varisi hesab edir. Onların sözlərinə görə, Kim Çu E son vaxtlar ictimaiyyət qarşısında tez-tez görünməyə başlayıb və digər ölkə vətəndaşlarına icazə verilməyən davranış və həyat tərzi nümayiş etdirir.

“Kim Çu E-nin çiyinlərindən aşağı uzanan uzun saçları var, hündürdaban ayaqqabılar geyinir və böyüklər kimi geyinir. Halbuki Şimali Koreyada adi yeniyetmələrə belə geyim tərzinə icazə verilmir”, - məqalədə qeyd olunub.

AP-nin bəzi müsahibləri, xüsusilə hüquqşünas Li Yo Hyon Kim Çu E-nin dövlətə rəhbərlik edə biləcəyinə şübhə ilə yanaşırlar. Onlar bunu ölkədə qadınların ənənəvi olaraq məhdud rola malik olması ilə əlaqələndirirlər.

Digər ekspertlər isə hesab edirlər ki, Kim Çu E rəsmi şəkildə varis elan ediləcəyi təqdirdə hakim elita onun namizədliyini dəstəkləyəcək. Bununla belə, Kim Çen Inın hakimiyyəti qızına ötürmək planları hələlik rəsmi şəkildə təsdiqlənməyib.