BAKI, 11 noyabr. TELEQRAF

Şimali Koreya 2024-cü ildə edilən dəyişikliklərdən sonra ilk dəfə dövlət informasiya portalında konstitusiyanın yenilənmiş mətnini dərc edib.

Teleqraf xəbər verir ki, yeni mətndə Cənubi Koreya Şimali Koreyanın cənubunda yerləşən ayrıca dövlət kimi tanınır.

Dərc olunmuş konstitusiya mətninə martın 23-də, 15-ci çağırış Ali Xalq Məclisinin ilk sessiyasında dəyişikliklər və əlavələr edilib.

Konstitusiyanın ikinci maddəsində deyilir:

“Şimali Koreya Xalq Demokratik Respublikasının ərazisinə şimalda Çin Xalq Respublikası və Rusiya Federasiyası, cənubda isə Koreya Respublikası ilə həmsərhəd ərazilər, habelə bunların əsasında müəyyən edilmiş ərazi suları və hava məkanı daxildir”.

Əsas qanunun əvvəlki redaksiyasından fərqli olaraq, Şimali Koreyanın yenilənmiş konstitusiyasında Koreya Respublikası birbaşa qonşu dövlət kimi göstərilir. Bununla belə, sənəddə quru və dəniz sərhədlərinin dəqiq xətləri müəyyən edilməyib.

Mətndə Koreya yarımadasının birləşdirilməsi ilə bağlı əvvəlki müddəalar yer almayıb. Sənəddə Cənubi Koreyanı birbaşa “bir nömrəli düşmən dövlət” və ya “dəyişməz əsas düşmən” kimi xarakterizə edən ifadələr də yoxdur.