BAKI, 11 noyabr. TELEQRAF
Qırğızıstanda prezident postuna namizədlərin sayı yeddiyə çatıb. Son olaraq, Baktıbek Kalmamatov prezidentliyə namizədliyini irəli sürmək niyyəti barədə Mərkəzi Seçki Komissiyasına (MSK) ərizə ilə müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə MSK məlumat yayıb.
Kalmamatov Joqorku Keneşin keçmiş üzvüdür.
Bundan əvvəl prezident seçkilərində iştirak etmək niyyətini hazırkı dövlət başçısı Sadır Japarov, Rusiya-Qırğızıstan İnkişaf Fondunun keçmiş idarə heyətinin üzvü Aymen Kasenov, Çuy vilayətinin rayonlarından birinin keçmiş rəhbəri Azamat Esenbekov, Maliyyə Polisinin rəhbəri Sıymık Jаpıkeyev, iş adamı Akay Kıdırov və ölkə kommunistlərinin lideri İsax Masaliyev açıqlayıb.
Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 27-nə təyin edilib. Namizədlərin irəli sürülməsi prosesi noyabrın 13-də başa çatacaq. Bundan sonra onların qeydiyyatı başlayacaq.