BAKI, 14 avqust. TELEQRAF

“Qırğızıstanda Çinə qarşı əhval-ruhiyyəni həm xarici, həm də daxili qüvvələr qızışdırır”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov yerli mediaya deyib.

Dövlət başçısı bunun Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun və digər infrastruktur layihələrinin tikintisinə etirazla əlaqəli olduğunu bildirib.

Jurnalist prezidentdən Qırğızıstanda Çin vətəndaşlarının sayının artması barədə soruşub. O qeyd edib ki, təxminən on il əvvəl kvota 13 min nəfər təşkil edirdi, onların da ən azı 80 faizi Çin vətəndaşları idi. Bu il isə xarici işçi qüvvəsi üçün kvota 100 min nəfərədək artırılıb.

Jurnalist etirazların ölkədə Çin vətəndaşlarının sayının artması ilə əlaqəli olub-olmadığını soruşanda Sadır Japarov bildirib ki, Qırğızıstanda təkcə Çin vətəndaşları deyil, digər ölkələrin vətəndaşları da işləyir, həmçinin qırğızıstanlılar özləri də çalışırlar: “Yalnız çinlilər deyil, başqa ölkələr də var. Qırğızıstan vətəndaşları da var. Ağır işlərdən çəkinməyən qırğızıstanlı vətəndaşlar da işləyirlər”.

Onun fikrincə, Çin mövzusundan müəyyən xarici qüvvələr, eləcə də ayrı-ayrı layihələrə qarşı çıxan daxili qüvvələr istifadə edir.

O, Qırğızıstanın Çinlə əməkdaşlıqdan əldə etdiyi faydaları xatırlamağa çağırıb. Prezident buna misal olaraq Bişkekdəki tullantıların yandırılması zavodunu göstərib: “Çindən hansı zərəri görmüşük? Məsələn, Bişkekdəki tullantı zavodunu götürək. Səhv etmirəmsə, Bişkek şəhəri yarandığı gündən yüz il ərzində tüstü içində yaşamamışıqmı? İndi bu tüstüdən xilas oluruq, tullantılardan xilas oluruq, üstəlik enerji də əldə edirik”.

Japarov qeyd edib ki, Qırğızıstan özü belə bir obyekt tikə bilməzdi: “Biz onu tikə bilərdikmi? Heç olmasa bir boru quraşdıra bilərdik? Biz bunu bacarmırıq, hətta onun sistemini də bilmirik”.

Prezidentin sözlərinə görə, 550 çinli mütəxəssis Qırğızıstana gələrək bu zavodu tikib: “Tikinti başa çatdıqdan sonra onların demək olar, hamısı ölkədən gedib, beş mütəxəssis isə müəssisədə işləməyi qırğızıstanlılara öyrətmək üçün qalıb. Altı ay-bir ildən sonra onlar da gedəcəklər. Məgər biz bütün yüz faizi özümüzə saxlamırıq və müəssisəni özümüz idarə etmirik?”.

Prezident hesab edir ki, Qırğızıstan Çinlə əməkdaşlıq imkanlarından istifadə etməlidir, çünki bir çox ölkələr Çindən investisiya və texnologiya əldə etməyə çalışır: “Bütün dövlətlər Çinlə işləmək, onlardan investisiya almaq, onların texnologiyalarını gətirmək istəyirlər. Biz isə qonşu olduğumuz halda bundan istifadə edə bilmirik”.

Dövlət başçısı vurğulayıb ki, Qırğızıstanla Çin arasında sərhədin müəyyənləşdirilməsi prosesi başa çatıb və ərazi mübahisələri yoxdur: “Biz Çindən yüz il geri qalmamışıqmı? Gəlin, heç olmasa qarşıdakı 20 il ərzində onlara çataq”.

O, ayrıca Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinə də toxunub. Prezidentin sözlərinə görə, layihə başa çatdırılmasa, Qırğızıstan tranzit ölkəyə çevrilmək imkanını itirəcək: “Əgər dəmir yolu tamamlanmasa, hər bir qırğızıstanlı buna görə təəssüflənəcək, çünki biz dalan ölkəsində yaşayırıq. Dəmir yolu tamamlanarsa, tranzit ölkəyə çevriləcəyik və okeana çıxış əldə edəcəyik”.

Sadır Japarov vətəndaşları belə əhval-ruhiyyənin təsiri altına düşməməyə və belə çağırışlar eşitdikləri təqdirdə onları yayan şəxsləri dayandırmağa çağırıb. O, buna misal olaraq əvvəllər yerli sakinlərin etiraz etdiyi Atbaşı rayonundakı logistika mərkəzi layihəsini göstərib.

Prezident əlavə edib ki, logistika mərkəzi tikilsəydi, faydanın 99 faizi Qırğızıstana çatacaqdı. O iddia edir ki, layihə təxminən 20 min iş yeri yarada bilərdi: “Orada hər şey - diş çöpündən tutmuş elektrik avtomobillərinə qədər istehsal edilməli idi. Süni ajiotaj yaradan şəxslərə görə bizim insanlar xarici qüvvələrin ardınca getdilər və biz həmin zavodu itirdik”.

Qeyd edək ki, son aylarda Qırğızıstanda Çin vətəndaşlarının ölkədəki mövcudluğu və Pekinlə əməkdaşlıq ətrafında mübahisələr güclənib. Bu fonda xarici investorlar üçün torpağın uzunmüddətli icarəsi qaydalarına edilən dəyişikliklər, Çin dilində lövhələr, həmçinin xarici vətəndaşların qanunvericiliyi pozması ilə bağlı ayrı-ayrı hallar da müzakirə olunub.