BAKI, 30 sentyabr. TELEQRAF

Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb.

Teleqraf xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğunu bildirib.

Fyunfştyuk komandasının oyuna yaxşı hazırlaşdığını və müsbət nəticə qazanmağa çalışacağını deyib:

“Əvvəlki oyunumuzdan üç gün keçib. Buraya gəlməzdən əvvəl Malta ilə qarşılaşmışdıq. Sabahkı matçı səbirsizliklə gözləyirik. İstədiyimiz kimi hazırlıq keçmişik. Yaxşı nəticə qazanmağa çalışacağıq”.

Fyunfştyuk Azərbaycan millisində UEFA Çempionlar Liqasında çıxış edən futbolçuların olduğunu vurğulayıb:

“Bizim futbolçuların böyük hissəsi müxtəlif peşə sahibləridir. Azərbaycan komandasında UEFA Çempionlar Liqasında oynayanlar var. Son dövrlərdə qələbələrimizin sayı çox azdır. Lixtenşteyn dünyanın kiçik ölkələrindən biridir. Təbii ki, favorit rəqibdir. Amma biz əlimizdən gələni etməyə hazırıq. Özümüzü yaxşı komanda kimi göstərməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.