BAKI, 30 sentyabr. TELEQRAF

Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyəti “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrlik etdiyi prosesdə zərərçəkmiş Rafiq Həsənov tərəflərin suallarını cavablandırıb.

O bildirib ki, pulu İlham Abbasova oğlunu Prezident Adminstrasiyasına işə düzəltmək üçün verib. Pulu verərkən video-çəkiliş aparıblar.

İzahat verən İslam Yusifov isə zərərçəkmişdən bu adla pul almadığını deyib. İddia edib ki, verilən pulun bir hissəsi saxta olub: "Zərərçəkmiş mənə 150 min manat borc verib. Əlavə 100 min manat olmaqla ona 250 min manat qaytaracaqdım".

Rafiq Həsənov isə pulu İlham Abbasovdan tələb etdiyini bildirib. Deyib ki, İslam Yusifovu əvvəllər tanımayıb, ona 150 min manat borc verməyib.

Əlavə edib ki, İlham Abbasovla İslam Yusifov əlbir olaraq övladını işə düzəltmək üçün ondan pul alıblar: "360 min manatı sayıb götürüblər. Mən orda olmamışam, oğlanlarımdan alıblar. 100 mini İslam özünə götürüb, qalanını işə düzəldənə çatdıracaqdı. Mən İslamı yox, İlham Abbasovu tanımışam.

Həmin dövrdə Rusiyada idim. 6 ay ərzində iş düzəlmədi, Azərbaycana gəldim. İslamla görüşdüm, onu tanımadığımı dedim. Bildirdi ki, sən Allah, şikayət eləmə, pul məndədir, qaytaracam".

Zərərçəkmiş 360 min manatı haradan qazandığını da açıqlayıb: "Rusiyada işləmişəm. Qazandığım pulları oğlanlarıma göndərmişəm. Oğlanlarım Həsən və Xəyal pulun verilməsində iştirak ediblər. Pul verilən ərəfədə heç bir banka borcum olmayıb. Mənim İlhamla pulu İslamdan tələb edəcəyim barədə heç bir söhbət olmayıb. İstintaq dövründə əvvəl 102 min, sonra isə 33 min 500 manat mənə ödənilib".

Zərərçəkmiş ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiqləyib. Bildirib ki, İlham Abbasovu 5 il ərzində tanıyıb. İlham Abbasov isə onu 15 ildir tanıdığını deyib.

Daha sonra zərərçəkmiş Rauf Məmmədov ifadə verib. Bildirib ki, borcu olub, buna görə bağ evini satmaq istəyib: "Bu barədə çox adama danışırdım. Ceyhun adlı qohumum İslamın nömrəsini verdi, onunla danışdım. İslam dedi ki, bağ evini öz şərtləri ilə satacaq. 100 mini əvvəlcə verəcək, 180 mini müqavilə ilə ödəyəcək. Əvvəlcə razı olmadım, sonra borca görə məcbur olub İslama zəng etdim, razılaşdırım. Notariusda görüşdük, 185 min manata alqı-satqı oldu. Mənə 100 min manat verdilər. 180 min manatlıq müqavilə bağladıq, 6 aya ödəyəcəkdi. 230 min manat nağd versəydi, heç bir problem olmayacaqdı. Borc müqaviləsi olduğu üçün 50 min manat da əlavə vəsait hesabladıq".

İslam Yusifov ittihamı etiraf edib və bildirib ki, bağ evini 230 min manata satıblar, əlavə borc müqaviləsi bağlayıblar.

Növbəti proses oktyabrın 28-də davam edəcək.

İttihama görə, İslam Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib, Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Məhkumluğunu ödəməməsinə baxmayaraq o, yenidən dələduzluq edib. İlk cinayəti oğlu həbsxanada olan Afət Hüseynovaya qarşı törədib. Ananın 13 il azadlıqdan məhrum olunmuş oğlu Kamran Nəcəfovun həbsdən azad ediləcəyi adı ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, ümumilikdə 70 min dollarını ələ keçirib.

Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisinə elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovun 308 min dollarını alıb.

İstintaq sənədlərinə görə, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rafiq Həsənovun oğlu Həsən Həsənovu Prezident Adminstrasiyasında hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, ondan 360 min manat alıblar.

İslam Yusifov Kamran Əsgərova onun iki avtomobil və torpaq sahəsini satacağı barədə yalan vəd verib, 275 min manatını ələ keçirib. Daha sonra digər zərərçəkmiş Hüseyn Qurbanova Dubay şəhərindən "Ayfon" mobil telefonlar gətirəcəyini söyləyib və ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

Bunlardan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı ilə bağlı ona yalan vəd verib, 55 min manatını, Rauf Məmmədova məxsus evi satacağı adıyla aldadaraq 75 min manatını ələ keçirib.

İstintaq orqanı tərəfindən İslam Yusifova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək), İlham Abbasova isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, İslam Yusifov ümumilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla iştirak edib.

İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.

İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.

Bu günə kimi o, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmir.