BAKI, 29 sentyabr. TELEQRAF

Yaponiya hökuməti neft, bank və telekommunikasiya sektorlarındakı şirkətlər də daxil olmaqla, bəzi Suriya şirkətləri və qurumlarına qarşı sanksiyaların ləğvi barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, xüsusilə Suriyanın Müdafiə və Daxili İşlər nazirliklərinə qarşı sanksiyalar ləğv olunacaq. Həmçinin aktivləri dondurulan “Syrian Petroleum Company”, “Syria Trading Oil Company”, “Commercial Bank of Syria” və “Syriatel” kimi şirkətlərə qarşı sanksiyalar da aradan qaldırılacaq. Müvafiq qərar Suriya ətrafında vəziyyətin inkişafı və ikitərəfli münasibətlər nəzərə alınaraq qəbul edilib.

Tokio 2025-ci ildə artıq Suriyaya qarşı sanksiyaları qismən aradan qaldırmışdı. Həmin qərarla “Industrial Bank”, “Popular Credit Bank”, “Saving Bank” və “Agricultural Cooperative Bank” kimi Suriya bankları sanksiya siyahılarından çıxarılmışdı. Bununla yanaşı, Yaponiya 59 fiziki şəxsə və 18 quruma qarşı sanksiyaları qüvvədə saxlayıb.