BAKI, 30 sentyabr. TELEQRAF

Marşrutunu dəyişən “Flydubai” reysi ilə bağlı hadisə təyyarə qaçırma hadisəsi deyil.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazir Administrasiyası məlumat yayıb.

Hava gəmisinin ələ keçirilməsi kodu iki pilot arasındakı münaqişədən sonra aktivləşdirilib. Münaqişənin səbəbləri hələ ki açıqlanmayıb.

***

11:02

Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinə məxsus sərnişin təyyarəsi hava gəmisinin ələ keçirildiyini bildirən təhlükə siqnalı verib.

Teleqraf İsrailin "Ynet" nəşrinə istinadən xəbər verir ki, göyərtəsində 27-si uşaq olmaqla ümumilikdə 174 sərnişinin olduğu təyyarə İordaniyanın hava məkanına daxil olduqdan sonra həyəcan kodu ötürüb.

Məlumata görə, hava gəmisindən əvvəlcə beynəlxalq qəza vəziyyətini bildirən "7700" kodu, daha sonra isə təyyarənin ələ keçirildiyini göstərən "7500" kodu daxil olub. Siqnaldan dərhal sonra marşrutunu dəyişərək Səudiyyə Ərəbistanının hava məkanına qayıdan və uçuş hündürlüyünü azaldan təyyarə bu ölkədə məcburi eniş edib.

Hadisə ilə əlaqədar İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb. İsrailin Baş naziri və müdafiə naziri təhlükəsizlik məsələləri üzrə təcili müşavirə çağırıblar.