BAKI, 25 sentyabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov 2027-ci il yanvarın 27-nə təyin edilmiş prezident seçkilərinin azad və şəffaf keçirilməsini təmin etmək məqsədilə tədbirlər haqqında fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bununla müəllimlərin, şagirdlərin, tələbələrin, tibb işçilərinin, sosial xidmət əməkdaşlarının, eləcə də digər dövlət və bələdiyyə qurumlarının işçilərinin namizədlərin xeyrinə təşviqat aparmağa cəlb edilməsi qadağan olunub.
Nazirlər Kabinetinə təşviqatda qanunsuz iştirak edən və ya namizədlərin xeyrinə xidməti mövqeyindən istifadə edən vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi tapşırılıb. Zərurət yarandıqda rəhbərlər və əməkdaşlar vəzifələrindən azad ediləcəklər.
Fərman həmçinin dövlət və bələdiyyə orqanlarının seçki prosesinə müdaxiləsinin və inzibati resursdan istifadənin qarşısının alınmasına yönəlib. Mərkəzi Seçki Komissiyasına qanunvericiliyin vahid şəkildə tətbiqini və vətəndaşların məlumatlandırılmasını təmin etmək üçün əlavə tədbirlər görmək tövsiyə olunub.
Sənəd Qırğızıstan qanunvericiliyinə uyğun olaraq beynəlxalq müşahidəçilərin iştirakını nəzərdə tutur.