BAKI, 30 sentyabr. TELEQRAF
Moskva və Bütün Rusiyanın patriarxı Kirill Erməni Apostol Kilsəsinin “Yeni Naxçıvan” yeparxiyasının primatı Yezras Nersisyanı yepiskop dini rütbəsi almasının 25-ci ildönümü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, Kirill təbrik mesajında Nersisyanın gəncliyində dini xidmət yolunu seçdikdən sonra təhsilini Sankt-Peterburq İlahiyyat Akademiyasında aldığını xatırladıb.
“Həmin vaxtdan bəri sizin xidmətiniz ölkəmizlə ayrılmaz şəkildə bağlıdır və siz burada Sankt-Peterburqun erməni icmasının pastoru, daha sonra isə Erməni Apostol Kilsəsinin Rusiya və Yeni Naxçıvan yeparxiyasının primatı oldunuz”, - təbrikdə bildirilib.
Xatırladaq ki, Yezras Nersisyan bütün ermənilərin katolikosu II Qareginin qardaşıdır. Ermənistan Baş naziri Nikol Paşinyan onu Rusiya xüsusi xidmət orqanlarının agenti olmaqda ittiham edib.