BAKI, 29 sentyabr. TELEQRAF

Rusiya Ukraynaya qarşı müharibə üçün Qlobal Cənub ölkələrinin vətəndaşlarını cəlb etməyə böyük resurslar yatırır. Tailandda bu çərçivədə Rusiya ordusunda xidmətlə bağlı reklamlar yayılır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

“​Tailandın informasiya məkanında fəal şəkildə Rusiya ordusunda xidmətlə bağlı reklamlar yayılır. Tailandlıları böyük məbləğdə pul vədləri ilə - müqavilə qarşılığında təxminən 70 min dollar, onların dərin arxa cəbhədə xidmət edəcəklərinə dair təminatlarla və Rusiya vətəndaşlığı almaq perspektivi ilə müharibəyə cəlb edirlər”, - məlumatda deyilir.

Qeyd edilir ki, praktikada isə bu yolla cəlb olunan Qlobal Cənub ölkələrindən olan əcnəbilər əksər hallarda cəbhənin ən təhlükəli istiqamətlərinə göndərilir və onlara vəd edilən ödənişləri almırlar: “Böyük itkiləri və döyüşmək istəyən rusların sayının əhəmiyyətli dərəcədə azalmasını kompensasiya etməyə çalışan Kreml əcnəbilərin cəlb edilməsinə getdikcə daha fəal şəkildə əl atır və bunun üçün manipulyasiyalardan və yalan vədlərdən çəkinmir”.