BAKI, 30 sentyabr. TELEQRAF

Ermənistanın Gümrü şəhərində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyanın 102-ci hərbi bazasının 25 yaşlı müqaviləli hərbi qulluqçusu Maksim B. narkotik vasitə saxlama və qanunsuz dövriyyədə iştirak etmək şübhəsi ilə saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Polis axtarış zamanı hərbi qulluqçunun üzərində 1,2 qram narkotik maddə aşkar edib.

“Hraparak”ın məlumatına görə, hərbi qulluqçu ilə bağlı daha əvvəl də şikayətlər olub və məhz bu səbəbdən hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. O, təxminən bir ildir Gümrüdə yaşayır.

Hadisə ilə bağlı hazırlanmış materiallar və sənədlər Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə göndərilib və burada cinayət işi üzrə icraata başlanılıb.

Nəşr qeyd edib ki, hadisə Rusiyanın hərbi bazasının Gümrüdən çıxarılması ilə bağlı müzakirələrin fəallaşdığı vaxtda baş verir.