BAKI, 27 sentyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) komandanı Aydos Mırzaxmetovun müdafiə naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Bu barədə Teleqraf Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Dövlət başçısının digər fərmanı ilə A.Mırzaxmetov əvvəlki tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, bundan əvvəl K.Tokayev Xəzər dənizində keçirilən təlimlər zamanı hərbçilərin həlak olması səbəbindən müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib.
Hadisə sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı qeydə alınıb. Hərbçilərin olduğu qayıqdan şəxsi heyətin sahilə çıxarılması zamanı hava şəraiti kəskin pisləşib. Güclü külək nəticəsində hərbçilər açıq dənizə aparılıb.
Hadisə nəticəsində 14 hərbçi həlak olub, 3 nəfər isə xilas edilib. Faciənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.