BAKI, 30 sentyabr. TELEQRAF
Bakıda rusiyalı bloger Yekaterina Xandcanlıya səhv diaqnoz qoyulması iddiasına Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan rəsmi cavab verilib.
Xatırladaq ki, Bakıda zədə aldığı üçün instituta müraciət edən rusiyalı bloger-turist həkimlərin ona rentgen müayinəsindən sonra səhvən "sınıq yoxdur, sadəcə əzilmədir" dediyini və yola salındığını iddia edib. Həmçinin o, ödənişli xidmət almasına baxmayaraq, tibbi personalın onun ayağını kobud şəkildə dartaraq qeyri-etik davrandığını bildirib. Güclü ağrılarla ölkəsinə qayıdan turistə orada yenidən müayinə zamanı yerdəyişmə ilə müşayiət olunan sınıq diaqnozu qoyulub.
Hadisə ictimaiyyətdə ciddi rezonans doğurub: Bəs görəsən, faktla bağlı daxili araşdırma aparılıbmı? Səhv diaqnoz qoyan tibbi personal müəyyən edilibmi və pasiyentlə kobud rəftar etdiyi iddia olunan tibb işçiləri barəsində hansı tədbirlər görüləcək?
Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab verən İnstitut ittihamları qəbul etməyib. Bildirilib ki, pasiyentin müraciəti zamanı öz ayağı ilə hərəkət etməsi, eləcə də rentgenoloji müayinədə sınığın aydın radioloji əlamətlərinin müşahidə olunmaması nəzərə alınaraq, həmin mərhələdə ilkin sınıq diaqnozunun qoyulması üçün əsas olmayıb:
"Lakin rentgenoloji rəydə lateral malleolus səviyyəsində şübhəli görüntü qeyd edilmiş və diaqnozun dəqiqləşdirilməsi məqsədilə xəstəyə KT (red- Kompyuter Tomoqrafiyası) müayinəsi tövsiyə olunub. Göründüyü kimi, həkim sınıq ehtimalını nəzərdən qaçırmayıb və əlavə müayinə zərurətini qeyd edib. Həmçinin bildiririk ki, bu günədək pasiyent tərəfindən sözügedən insidentlə əlaqədar həmin tarixdə mövcud olduğu iddia edilən sınığı təsdiq edən rentgenoqramma və ya hər hansı rəsmi tibbi sənəd İnstituta təqdim edilməyib", - qurumun açıqlamasında vurğulanıb.
