BAKI, 25 fevral. TELEQRAF

“Əfqanıstan və Pakistan silahlı qüvvələri arasında yenə toqquşma olub. Vəziyyət gərgin olaraq qalır. Toqquşmalar Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində, Pakistanla həmsərhəd ərazilərdə qeydə alınıb. Hər iki tərəf ağır silahlardan istifadə edib, itkilər var”.

Teleqraf xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, iki ölkə arasında ötən ilin oktyabr-dekabr aylarında da silahlı toqquşmalar olmuşdu:

“O zaman hər iki ölkənin rəsmiləri atəşkəsin pozulmasına görə bir-birini ittiham etmişdi. Əfqanıstandakı Taliban”hökumətinin nümayəndəsi iddia etmişdi ki, Pakistan qüvvələri Qəndəhar vilayətinin Spin-Buldak istiqamətində hücuma keçib və Əfqanıstan ordusu buna cavab olaraq atəş açıb. Pakistan baş nazirinin sözçüsü Müşərraf Zəyidi də Əfqanıstan qüvvələrinin səbəbsiz atəş açdığını və İslamabadın sərhədlərin toxunulmazlığı və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün tam ayıq-sayıq olduğunu bəyan etmişdi.

Pakistan Kabili “Təhrik-e-Taliban Pakistan” (TTP) kimi silahlı qruplara sığınacaq verməkdə günahlandırır. İslamabad Kabilin “Bəlucistan Azadlıq Ordusu”na da sığınacaq verdiyini iddia edir. Əfqanıstan bu ittihamlarla razılaşmır. Pakistanla Əfqanıstan arasında gərginliyi azaltmaq üçün Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı vasitəçi kimi çıxış ediblər. Ancaq bu təşəbbüslər nəticə verməyib.

Əfqanıstan-Pakistan gərginliyinin səbəblərindən biri də, iki ölkə arasında sərhədin müəyyənləşməməsidir. 2670 kilometr uzunluğundakı sərhədi 1893-cü ildə ingilis müstəmləkəçiləri çəkmişdilər. Əfqanıstan “Durand xətti” adlanan sərhədi rəsmi olaraq tanımır. Bu da gərginliyə səbəb olur. Pakistan sərhədi keçməyə çalışan müxtəlif silahlı qruplara zərbə endirəndə Taliban bunu Əfqanıstan ərazisinə hücum kimi qiymətləndirir və cavab zərbələri endirir. Taliban döyüşçüləri Pakistan ərazisində müxtəli postları ələ keçirəndə bunu qonşu ölkənin ərazisi kimi qiymətləndirmir”.

Elxan Şahinoğlu qeyd edib ki, Pakistanla Əfqanıstan arasında gərginliyin davam etməsi regional ölkələri narahat edir:

“Bu dövlətlərdən biri də Çindir. Pekin İslamabadla strateji tərəfdaş olmaqla yanaşı, Talibanla da sıx əlaqələri var. Çin Talibanın hakimiyyətini ilk tanıyan ölkələrdəndir. Çinin həm Pakistan, həm də Əfqanıstanda yatırımları var. Ona görə də iki ölkə arasında silahlı toqquşmalar baş verdikdə, bu, Çinin yatırımlarına, o cümlədən Pakistan və Əfqanıstandakı layihələrinə təhlükə yaradır.

Azərbaycan və Türkiyə də Pakistanla Əfqanıstan arasındakı problemlərin danışıqlar yolu ilə həllində maraqlıdır. Azərbaycan və Türkiyə Pakistanla strateji tərəfdaş olmaqla yanaşı, Talibanla da dialoqları var.

2024-cü ilin avqustunda Kabildə Əfqanıstan, Özbəkistan və Azərbaycan arasında üçtərəfli danışıqlar olmuşdu. Danışıqlarda Taliban hökumətini sənaye və ticarət naziri, Özbəkistanı sənaye, ticarət və investisiyalar naziri, Azərbaycanı isə iqtisadiyyat nazirinin müavini təmsil etmişdi. Görüşdə regional əməkdaşlıq, ticarət və tranzitin təşviqi və Əfqanıstana sərmayələrin cəlb edilməsi mövzuları müzakirə olunmuşdu. Azərbaycan Əfqanıstandan keçməsi planlaşdırılan nəqliyyat yollarına maraq göstərir. Ancaq Əfqanıstanla bağlı layihələrin reallaşması üçün bölgədə sabitlik lazımdır”.