BAKI, 30 oktyabr. TELEQRAF
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına üzv və ya müşahidəçi statusunda qoşulmasını təklif edib”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Qazaxıstan lideri bunu bir neçə amillə əsaslandırıb:
“Birincisi, Tokayev Rusiyanın böyük dövlət olduğunu və əsrlər boyu türk dünyası ilə sıx əlaqələr saxladığını vurğulayıb. İkincisi, Rusiya ərazisində tarixən çoxsaylı türk xalqlarının nümayəndələri yaşadığını bildirib. Üçüncüsü, o, rus dilində türk mənşəli xeyli sözün olduğunu söyləyib. Qazaxıstan Prezidenti ümumilikdə Rusiyanın türk dünyasının bir hissəsinə çevrilməsi təşkilata fayda gətirəcəyini iddia edib. Bu faydanın nədən ibarət olduğu aydınlaşmayıb.

Bəli, Rusiyada türkdilli xalqlar yaşayır və onların sayı milyonlarladır. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdiyi və türk dövlətlərinin hamısı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi halda Rusiyanın Türk Dövlətləri Təşkilatına üzvlüyü təşkilatın nüfuzuna zərər verərdi”.
Elxan Şahinoğlu əlavə edib ki, Rusiyada türk xalqları yaşadığı kimi, Ukraynada da türk kökənli insanların da sayı az deyil:
“Bu halda Ukraynanın da Türk Dövlətləri Təşkilatına üzvlüyü irəli sürülməlidir. Ancaq indiki şərtlər altında işğalçı ilə işğala məruz qalan ölkənin Türk Dövlətləri Təşkilatına üzvlüyü real deyil. Belə olan halda Rusiyanın təşkilata üzvlüyü, hətta müşahidəçi statusunda qatılması gələcək illərə saxlanılmalıdır. Kreml Ukraynaya qarşı işğalçı müharibəyə başlamasaydı, Rusiyanın üzvlüyü mümkün ola bilərdi. Ancaq nə qədər ki Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, bu dövlətin təşkilata qoşulması heç kimə faydalı deyil. Təsadüfi deyil ki, Tokayevin Rusiya ilə bağlı təklifi toplantıda iştirak edənlər tərəfindən dəstəklənməyib”.