BAKI, 19 noyabr. TELEQRAF
14-18 noyabr tarixlərində Türkmənistan nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanın “Turkmenistaninfo” dövlət agentliyi məlumat yayıb.
Bildirilib ki, səfərin məqsədi atçılıq və at idmanı sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi olub.
Nümayəndə heyətinə Aba Annayev adına Beynəlxalq Atçılıq Akademiyasının rektoru Pıqı Bayramdurdıyev rəhbərlik edib. Səfər zamanı Azərbaycan Atçılıq Federasiyasının prezidenti, general-polkovnik Elçin Quliyev və “Sea Breeze” sirkinin rəhbəri Allahverdi İsrafilov ilə görüş keçirilib. Görüşlərdə mədəni mübadilə perspektivləri, birgə layihələr və hər iki ölkədə at idmanı infrastrukturlarının inkişafı müzakirə olunub.
Türkmənistan nümayəndə heyəti həmçinin Azərbaycanın aparıcı at idmanı komplekslərini ziyarət edib. Bu səfərlər milli atçılıq və minik ənənələrinin inkişafı, həmçinin yerli at cinsləri və Qarabağ atlarının xüsusiyyətlərinin öyrənilməsi məqsədi daşıyıb.
Vurğulanıb ki, görüşlərin nəticəsinə görə, Azərbaycan tərəfi 2026-cı il mart ayında Türkmənistan milli atçılıq komandası “Qalkınış”ın Bakıda çıxışını təşkil etməyə hazır olduğunu bildirib. Bu tədbir iki ölkə arasında mədəni mübadilə sahəsində mühüm hadisə olacaq.