BAKI, 24 noyabr. TELEQRAF
İran zənginləşdirilmiş uranın ölkə ərazisindən çıxarılmasına razılıq verməyəcək. Nüvə materialları Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında İran ərazisində saxlanılacaq.
Teleqraf xəbər verir ki, bunu İranın Qahirədəki maraqlar bölməsinin rəhbəri Müctəba Firdovsipur açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, Tehran Qətər və Pakistanın irəli sürdüyü yeni təşəbbüsü diqqətlə araşdırır.
Təklifə əsasən, İrana uranı 3,67 faiz səviyyəsinədək zənginləşdirmək hüququnun saxlanılması müqabilində sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərinin bir hissəsinin azad edilməsi nəzərdə tutulur.
“İranın prinsipi dəyişməz olaraq qalır: İran uranı ölkədə, dövlətin tam suverenliyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında saxlanılacaq”, – Firdovsipur vurğulayıb.
Diplomat bildirib ki, mümkün razılaşma İranın uranı zənginləşdirmək hüququna təminat verməli, məhdudiyyətlərin tam, yoxlanıla bilən və birdəfəlik ləğvini nəzərdə tutmalıdır.
Onun sözlərinə görə, yeni saziş ABŞ-nin gələcəkdə razılaşmadan yenidən birtərəfli qaydada çıxması ehtimalını da istisna etməlidir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla münaqişənin həlli istiqamətində müsbət irəliləyişlərin olduğunu bildirsə də, Vaşinqtonun yeni hərbi zərbələr endirməyə hazır olduğunu da açıqlayıb.