BAKI, 24 noyabr. TELEQRAF
Almaniyanın müxalifətdə olan “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədrləri Alisa Vaydel və Tino Krupalla ölkənin 2027-ci il üçün federal büdcə layihəsini qeyri-ciddi adlandıraraq onun Ukraynanın maraqlarına xidmət etdiyini bildiriblər.
Teleqraf xəbər verir ki, siyasətçilər bu barədə partiyanın parlament fraksiyasının rəsmi “YouTube” kanalında yayımlanan birgə mətbuat konfransında çıxış ediblər.
Noyabrın 27-də Bundestaqda yekun səsverməyə çıxarılması planlaşdırılan büdcə layihəsində dövlət xərclərinin 561 milyard avroya çatdırılması və 210 milyard avro həcmində yeni borclanma nəzərdə tutulur.
Alisa Vaydel hökuməti bir trilyon avronu aşan rekord vergi daxilolmalarına baxmayaraq, dövlət vəsaitlərini səmərəli idarə edə bilməməkdə ittiham edib.
O, 861 xərc maddəsi üzrə ixtisarları nəzərdə tutan alternativ büdcə layihəsi təqdim edib. Vaydelin sözlərinə görə, bu tədbirlər nəticəsində təxminən 200 milyard avroya qənaət etmək mümkündür.
Siyasətçi həmçinin Ukraynaya yardımın dayandırılmasını, İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi də daxil olmaqla, bir sıra dövlət qurumlarının və fondların ləğvini təklif edib.
“Bu büdcə alman vergiödəyicilərinin zərərinə, Ukraynanın isə maraqlarına uyğun hazırlanıb”, – Tino Krupalla vurğulayıb.
Büdcə layihəsinə əsasən, Almaniyanın müdafiə xərclərinin 2026-cı ildəki 82,2 milyard avrodan 2027-ci ildə 109,7 milyard avroya çatdırılması nəzərdə tutulur. Artımın yeni kreditlər hesabına maliyyələşdirilməsi planlaşdırılır.
Bundan başqa, Ukraynaya dəstək üçün 11,6 milyard avro ayrılması təklif edilir.