BAKI, 24 noyabr. TELEQRAF
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaruda ikitərəfli aspirasiya pnevmoniyası aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı siyasətçinin müalicəsini aparan həkimlərə istinadən məlumat yayıb.
Kəskin bağırsaq keçməzliyi səbəbindən ötən həftədən paytaxtdakı xəstəxanada müalicə alan Bolsonarunun vəziyyəti noyabrın 22-də günün ikinci yarısında qəfil pisləşib.
Onun qarın nahiyəsində ağrılar və köp artıb, titrətmə başlayıb, qanda oksigenin səviyyəsi aşağı düşüb. Təcili müayinələr nəticəsində ağciyərlərdə iltihab müəyyən edilib.
Həkimlərin sözlərinə görə, xəstəlik sabiq prezidentin mart ayında xəstəxanaya yerləşdirildiyi dövrlə müqayisədə daha yüngül formada keçir.
Yeni ağırlaşmaya baxmayaraq, Bolsonarunun hazırkı vəziyyəti stabil qiymətləndirilir. Bununla belə, onun xəstəxanadan nə vaxt buraxılacağı hələ məlum deyil.
Sabiq prezidentin 7–10 gün müddətində antibiotik müalicəsi alacağı bildirilir.
Qeyd edək ki, dövlət çevrilişinə cəhddə təqsirli bilinərək 27 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Bolsonaro səhhəti ilə əlaqədar cəzasını ev dustaqlığı şəraitində çəkir.
71 yaşlı siyasətçi 2018-ci ildə seçki kampaniyası zamanı qarın nahiyəsindən bıçaqlanıb. Həmin hadisədən sonra keçirdiyi əməliyyatların fəsadları səbəbindən o, dəfələrlə xəstəxanaya yerləşdirilib.