BAKI, 20 noyabr. TELEQRAF
“Futbolçuların potensialına bələdəm, bundan da yaxşısını bacararlar. Ən böyük istəyim odur ki, Azərbaycan xalqı oyunlarımıza baxıb sevinsin, qürur hissi keçirsin”.
Teleqraf xəbər verir ki, bunu 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rui Jorje İraqın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirilən ikinci yoldaşlıq oyunundan (2:1) sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Hər iki komanda ilk matçla müqayisədə daha yaxşı çıxış etdi. Çox gözəl stadionda oyun keçdi. Meydanda rəqabət, intensivlik var idi. Bu günə kimi üzərimizdə necə əzmkar çalışırıqsa, eyni qaydada da davam edirik. Sərəncamımızda olan futbolçuların inkişaf etmələri məni sevindirir. Məşqlərin hər bir saniyəsindən düzgün yararlanmağa çalışırlar və öz üzərlərində işləyirlər”.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən ilk oyun qolsuz heç-heçə ilə başa çatıb.