BAKI, 12 noyabr. TELEQRAF
II Liqada iki klubun nümayəndəsi hakimləri təhqir etdiklərinə görə 4 oyunluq cəzaya məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
II Liqanın X turunda keçirilən “Şəmkir” – “Ağstafa Gəncləri” matçının 90-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Fuad Əhmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyunluq diskvalifikasiya edilib. “Şəmkir” klubu 1000 manat cərimələnib.
“Difai” – “Zəngəzur” qarşılaşmasının 84-cü dəqiqəsində isə meydan sahiblərinin məşqçisi Əli Hüseynov eyni səbəbdən birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. O da 4 oyunluq diskvalifikasiya olunub. “Difai” klubu 1000 manat cərimə ödəyəcək.
Bundan başqa, “Şəmkir” – “Ağstafa Gəncləri” görüşündə qonaq komandanın, “Difai” – “Zəngəzur” matçında isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 70 manat cərimələnib.