BAKI, 10 noyabr. TELEQRAF

Hörmüz boğazından keçməyə cəhd edən iki neft tankeri vurulub. Hər iki tankerdə partlayışdan sonra yanğın olub.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

SEPAH-ın yaydığı məlumata görə, tankerlərdən biri dəniz minasına düşərək partlayıb. ABŞ qırıcılarının müşayiəti ilə qanunsuz marşrutdan gizli keçməyə çalışan digər tanker isə qəza nəticəsində güclü yanğına məruz qalıb.

Açıqlamada bildirilir ki, hər iki gəmi naviqasiya və tanınma sistemlərini söndürüb. Məlumatda tankerlərin Hörmüz boğazının cənub sahillərində hərəkətsiz vəziyyətdə qaldığı və yanmaqda davam etdiyi bildirilir.