BAKI, 11 noyabr. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu noyabrın 11-də yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 12:00-da) başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə məlumat verib.
“Bəli, danışıqların saat 11:00-da (Moskva vaxtı ilə) başlaması nəzərdə tutulur”, – mənbə bildirib.
Qeyd edək ki, üçtərəfli danışıqlar noyabrın 10-da Əbu-Dabidə başlayıb. İlk gün keçirilən görüş 40 dəqiqəlik fasilə də daxil olmaqla 4,5 saat davam edib.
Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov başçılıq edir.
Danışıqlarda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Cared Kuşner, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç və BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan da iştirak ediblər.
Fransa rəsmilərinin əvvəlki açıqlamalarına baxmayaraq, Avropa ölkələrinin nümayəndələri görüşdə iştirak etməyiblər.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, danışıqların əsas mövzusu təhlükəsizlik zəmanətləridir.