BAKI, 10 noyabr. TELEQRAF
"Prezident cənab İlham Əliyevin Zəfər Günü münasibətilə müraciətini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən etməsi, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunmasının siyasi və tarixi təntənəsidir. Bu məkan seçimi təsadüfi deyil. Xankəndi uzun illər Azərbaycanın suverenliyinə qarşı yönəlmiş separatizmin mərkəzi, dövlətimizin ərazi bütövlüyünə təhdid mənbəyi kimi təqdim edilirdi".
Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, bu gün Xankındi müstəqil Azərbaycan dövlətinin gücünün, iradəsinin və tarixi ədalətin bərpasının rəmzinə çevrilib: "Cənab Prezidentin vaxtilə bütün dünyaya bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq yalnız siyasi bəyanat deyil, tarixi reallıqdır. Həmin nida işarəsinin 2023-cü il sentyabrın 20-də, antiterror əməliyyatının uğurla başa çatdığı gün məhz Xankəndidə qoyulması Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin simvolik ifadəsidir. Bu gün Xankəndidən verilən mesaj çox aydındır: Azərbaycan öz tarixi torpaqlarına sahibdir, dövlət suverenliyini təmin edib və bu reallıq dönməzdir. Ən mühüm məqam isə odur ki, Azərbaycan bu nəticəyə beynəlxalq hüququn norma və prinsiplərinə, özünün qanuni hüquqlarına əsaslanaraq nail olub".
Deputat hesab edir ki, keçmiş separatçı qurumun yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması xüsusi rəmzi məna daşıyır: "Çünki söhbət sadəcə bir binanın funksiyasının dəyişdirilməsindən getmir. Söhbət Azərbaycan xalqına qarşı uzun illər davam etdirilmiş təcavüzkar siyasətin, separatizmin və işğalçılığın simvoluna çevrilmiş bir məkanın tamamilə fərqli məzmun və mahiyyət qazanmasından gedir. Prezident cənab İlham Əliyevin həmin binaya 2023-cü ilin oktyabrında gələrkən pəncərələri açaraq oradan, öz ifadəsi ilə desək, “şeytan ruhunun” çəkilməsini istəməsi dərin mənəvi məna daşıyan bir hadisə idi. Bu, əslində, Azərbaycanın öz torpaqlarında tarixi ədaləti bərpa etməsinin, keçmişin qaranlıq səhifələrini bağlayaraq yeni mərhələyə qədəm qoymasının rəmzi idi. İndi həmin binada Zəfər Muzeyinin fəaliyyət göstərəcək olması tarixi yaddaş baxımından olduqca mühüm addımdır. Bir zamanlar separatizmin və işğalçılığın mərkəzi olan məkan bundan sonra Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini, şəhidlərimizin fədakarlığını, Ordumuzun rəşadətini və dövlətimizin qətiyyətini nümayiş etdirəcək".
Azərbaycançılıq məfkurəsinin dövlətçilik və milli birlik baxımından əhəmiyyətinə toxunan M.Vəliyeva əlavə edib ki, bu ideya müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarından, cəmiyyətimizi birləşdirən fundamental dəyərlər sistemindən biridir:
"Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyası ölkəmizin mürəkkəb siyasi, iqtisadi və sosial sınaqlardan keçdiyi bir dövrdə xalqımızın vahid milli ideya ətrafında birləşməsində müstəsna rol oynayıb. Ulu Öndər müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlarımızı vahid Azərbaycan ailəsinin üzvləri kimi birləşdirən dövlətçilik fəlsəfəsinin əsasını formalaşdırıb. Bu gün həmin ideoloji xətt Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilir və yeni tarixi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycançılıq heç bir etnik və ya dini fərqliliyi qarşıdurma predmetinə çevirmir. Əksinə, ölkəmizdə yaşayan bütün xalqların, etnik qrupların və dini konfessiyaların nümayəndələrini ümumi Vətən, ümumi dövlətçilik və ortaq gələcək naminə birləşdirir. Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik azərbaycançılıq ideologiyasının nə qədər güclü ictimai-siyasi dayağa malik olduğunu bir daha təsdiqlədi. Müxtəlif siyasi baxışlara, sosial statusa və dünyagörüşünə malik insanlar vahid amal ətrafında birləşərək Vətənin müdafiəsinə qalxdılar. Bu baxımdan, azərbaycançılıq ideologiyası yalnız keçmişimizin və bugünkü birliyimizin ifadəsi deyil, həm də gələcəyimizin təminatıdır. Biz milli kimliyimizi qorumaqla yanaşı, müasir, dünyəvi, hüquqi və demokratik dövlət quruculuğunu davam etdirməliyik".