BAKI, 11 noyabr. TELEQRAF
Fransanın “Thales” şirkəti Rumıniya Hərbi Hava Qüvvələrinə iki müasir radiolokasiya sistemini nəzərdə tutulan vaxtdan əvvəl təhvil verəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, şirkətin nümayəndələri müdafiə naziri Ştefan-Radu Opreya ilə görüşdə ilk iki “Ground Master 200 MM/A” mobil radar sisteminin vaxtından əvvəl çatdırılacağını təsdiqləyiblər.
Razılaşmaya əsasən, birinci radar ilkin qrafikdən bir neçə həftə, ikinci isə bir neçə ay əvvəl təhvil veriləcək.
Nazirliyin açıqlamasında qeyd olunub ki, bu, Rumıniya Hərbi Hava Qüvvələrinə müasir hava təhdidlərinin aşkarlanması imkanlarından daha tez istifadə etməyə şərait yaradacaq. Yeni sistemlər aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatlarından tutmuş yüksək hündürlükdə hərəkət edən təyyarə və raketlərədək müxtəlif hava hədəflərini müəyyənləşdirə biləcək.
Ştefan-Radu Opreya bildirib ki, ölkəsi müdafiə sahəsində həyata keçirilən layihələrin yerli sənayenin inkişafına da töhfə verməsində maraqlıdır.
“Biz istəyirik ki, silahlanma proqramları Rumıniyanın sənaye inkişafına, texnologiyaların ötürülməsinə, yerli şirkətlərin iştirakına və rumıniyalı mütəxəssislər üçün yeni iş yerlərinin yaradılmasına xidmət etsin. Peşəkarlığa və texnologiyalara yatırılan sərmayələr ölkə sənayesinin mürəkkəb müdafiə layihələrində iştirak imkanlarını da artırmalıdır”, – nazir vurğulayıb.
Qeyd edək ki, hava məkanının müşahidəsində mövcud boşluqların aradan qaldırılması üçün nəzərdə tutulan “Gap Filler” radiolokasiya sistemlərinin alınması Fransa tərəfindən əlaqələndirilən və bir sıra Avropa ölkələrinin iştirak etdiyi əməkdaşlıq çərçivəsində həyata keçirilir.