BAKI, 11 noyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə bu gün Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sammiti keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin administrasiyasının məlumatında bildirilir.

Sammitdə Rusiyanın təşkilata sədrliyi dövründə görülən işlərə yekun vurulacaq, KTMT-nin gələcək fəaliyyət istiqamətləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Görüşün yekununda üzv dövlətlərin liderləri terrorizmlə mübarizə sahəsində əməkdaşlığa dair bəyanat qəbul edəcək və təşkilatın 2030-cu ilədək Antiterror Strategiyasını təsdiqləyəcəklər.

Bundan başqa, KTMT-nin hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi və Kollektiv Aviasiya Qüvvələrinin inkişafı ilə bağlı qərarların qəbul olunması nəzərdə tutulur.

Sammitdə 2027-ci ildə təşkilata sədrliyin Tacikistana keçməsi də rəsmiləşdiriləcək. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəsinin sədrliyi dövründə əsas prioritetləri təqdim edəcəyi gözlənilir.

Görüşdə KTMT Parlament Assambleyasının sədri Vyaçeslav Volodin, təşkilatın Bioloji Təhlükəsizlik üzrə Koordinasiya Şurasının sədri Anna Popova, eləcə də KTMT-nin yeni Baş katibi Taalatbek Masadıkov iştirak edəcəklər.

Sammitə MDB-nin Baş katibi Sergey Lebedev və Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev də dəvət olunublar.

Sammitin diqqətçəkən məsələlərindən biri Ermənistanın KTMT-dəki gələcək statusu olacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyanın sammitdə iştirakı elan edilməyib. Hökumətin məlumatına görə, o, Paris Sülh Forumunda iştirak etmək üçün Fransaya səfər edib.

Paşinyan bundan əvvəl Ermənistanın KTMT-dən çıxarılmasının tərəfdarı olduğunu bildirib və ölkəsinin yaxın beş ildə təşkilat çərçivəsində fəaliyyətini aktivləşdirmək niyyətində olmadığını açıqlayıb.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin isə Ermənistanın iki ildən artıqdır üzvlük haqqını ödəmədiyini bildirib. Onun sözlərinə görə, noyabrın 11-də keçiriləcək sammitdə Ermənistanın səsvermə hüququnun üzvlük haqları ödənilənədək dayandırılması məsələsinə baxıla bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu ehtimalı təsdiqləyib. Bununla belə, o, Ermənistanın təşkilatdan çıxarılmasının gündəmdə olmadığını və İrəvanın KTMT-dən ayrılmaq üçün rəsmi müraciət etmədiyini vurğulayıb.

Qeyd edək ki, 2002-ci ildə yaradılan KTMT-nin altı üzvü var: Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan.