BAKI, 11 noyabr. TELEQRAF

Qətər ABŞ-nin İrana qarşı hərbi zərbələrinin mümkün bərpasını ən azı iki həftə təxirə salmağa nail olub.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin “i24NEWS” telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani Parisdə keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə bu barədə məlumat verib.

O bildirib ki, əldə olunan əlavə vaxt Vaşinqtonla Tehran arasında diplomatik səylərin davam etdirilməsinə və mümkün razılaşmanın əldə olunmasına imkan yaradacaq.

Bununla belə, Qətərin Baş naziri ABŞ və İran arasında hələ də ciddi fikir ayrılıqlarının qaldığını vurğulayıb.

“Razılaşmanın həyata keçirilməsi mərhələlərinin ardıcıllığı, o cümlədən dəniz blokadasının aradan qaldırılması, nüvə məsələsi və İranın dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı fikir ayrılıqları mövcuddur”, – diplomatik mənbə onun sözlərini sitat gətirib.

Qətər Xarici İşlər Nazirliyinin Media və Kommunikasiya Departamentinin direktoru İbrahim Sultan əl-Haşimi isə noyabrın 10-da keçirdiyi brifinqdə ABŞ və İranın münaqişənin diplomatik yolla həllinə sadiq qaldıqlarını bildirib.

Onun sözlərinə görə, danışıqlarda irəliləyiş var və vasitəçilər tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün fəal səylər göstərirlər.

Əl-Haşimi Qətərin Baş nazirinin noyabrın 10-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşünün müsbət atmosferdə keçdiyini və əsas diqqətin danışıqlarda irəliləyişə nail olunmasına yönəldiyini qeyd edib.

Xatırladaq ki, Qətər ABŞ və İran arasında dolayı danışıqlarda əsas vasitəçilərdən biridir. Noyabrın əvvəlində Qətər nümayəndə heyəti Tehrana səfər edərək İranın xarici işlər naziri Abbas Əraqçi ilə münaqişənin həlli yollarını müzakirə edib.

Noyabrın 6-da Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani Trampla diplomatik səylər barədə danışıb. Noyabrın 10-da isə ABŞ Prezidenti Qətərin Baş naziri ilə Vaşinqtonda görüşüb.

Görüşdən sonra Tramp İranla münaqişənin başa çatdırılması istiqamətində müsbət dinamikanın olduğunu açıqlayıb.