BAKI, 11 noyabr. TELEQRAF
Almaniyada sığınacaq statusundan məhrum edilən suriyalı qaçqınların ölkədən deportasiyası 3,5 ilə qədər uzana bilər.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti miqrasiya və məhkəmə prosedurlarının təhlilinə əsasən məlumat yayıb.
Nəşrin ekspertlərinin hazırladığı analitik modelə görə, Suriyada vətəndaş müharibəsinin başa çatması səbəbindən qaçqın statusunun ləğvi həmin şəxslərin avtomatik deportasiyası demək deyil. Almaniya qanunvericiliyi miqrantlara dövlət qurumlarının qərarlarından şikayət etmək üçün geniş hüquqi imkanlar yaradır.
Hesablamalara əsasən, bütün inzibati və məhkəmə prosedurları ümumilikdə 42 ay davam edə bilər.
İlkin mərhələdə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi (BAMF) sığınacaq statusunun ləğvi ilə bağlı qərar qəbul edir. Bu proses təxminən üç ay çəkir. Daha sonra miqrant qərardan məhkəməyə şikayət edə bilər. İnzibati məhkəmələrdə işə baxılması və qərarın qüvvəyə minməsi orta hesabla 15,5 ay, Berlində isə 19,4 ay davam edir.
Növbəti mərhələdə yerli miqrasiya qurumları altı ay ərzində sığınacaq statusunun itirilməsinin yaşayış icazəsinə təsirini qiymətləndirir.
Ölkəni tərk etmək barədə qərar çıxarıldıqda isə miqrant həmin qərardan da şikayət verə və deportasiyanın müvəqqəti dayandırılmasını tələb edə bilər. Bu, prosesi daha 16 ay uzada bilər. Deportasiyanın sənədləşdirilməsi və təşkilinə isə əlavə 1,5 ay tələb olunur.
“Bild”in hesablamalarına görə, bir nəfərlə bağlı məhkəmə xərcləri təxminən 3450 avro, mümkün sosial ödənişlər isə 23 min avrodan çox təşkil edə bilər. Bu məbləğə mənzil, istilik və tibbi xidmət xərcləri daxil deyil.
Bundestaqda Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (XDİ/XSİ) fraksiyasının sədr müavini Günter Krinqs mövcud miqrasiya qanunvericiliyini həddindən artıq mürəkkəb adlandırıb. Onun sözlərinə görə, hüquqi prosedurların çoxluğu dövlət qurumlarının və məhkəmələrin işini çətinləşdirir, sistemdən sui-istifadə imkanları yaradır.
Hüquqşünaslar isə bildirirlər ki, praktikada Suriyaya deportasiya halları olduqca nadirdir. Almaniyada işləyən və cəmiyyətə inteqrasiya olunmuş suriyalılar qaçqın statuslarını itirsələr belə, faktiki olaraq deportasiya təhlükəsi ilə az üzləşirlər.
Qeyd edək ki, Almaniyada 900 mindən çox suriyalı yaşayır. Onlardan təxminən 450 mini dövlətin sosial yardım proqramından (“Bürgergeld”) faydalanır.
Almaniya hökuməti suriyalıların öz ölkələrinə qayıtmasını dəstəkləyir.