BAKI, 11 noyabr. TELEQRAF

ABŞ Ədliyyə Nazirliyi Böyük Britaniyanın Feyrford hərbi hava bazasına terror hücumu hazırlamaqda şübhəli bilinən üç nəfərə qarşı rəsmi ittiham irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, İran və İraq vətəndaşı Məhəmməd Baqir Səəd Davud əs-Səadi, İran vətəndaşı Möhsün Mühaciri və İraq vətəndaşı Məhəmməd Əli əl-Həsəni səkkiz maddə üzrə ittiham olunurlar.

Onlar Avropa və ABŞ ərazisində 20-yə yaxın hücum və hücum cəhdində iştirakda, həmçinin 2026-cı ilin sentyabrında ABŞ hərbçilərinin yerləşdiyi Britaniyanın Feyrford hərbi hava bazasına terror aktı hazırlamaqda təqsirləndirilirlər.

Amerika istintaq orqanlarının versiyasına görə, şübhəlilər İranın dəstəklədiyi “Kətaib Hizbullah” silahlı qruplaşması və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maraqları naminə fəaliyyət göstəriblər.

İstintaq müəyyən edib ki, hadisə zamanı əl-Həsəni və Mühaciri İranda, əs-Səadi isə Nyu-York həbsxanasında olub. ABŞ hüquq-mühafizə orqanları əs-Səadinin həbsdə olarkən şifrələnmiş mesajlar vasitəsilə digər şəxslərlə əlaqə saxlamağa çalışdığını iddia edir.

Hər üç təqsirləndirilən şəxsi ömürlük həbs cəzası gözləyir.

Bundan əvvəl “The Wall Street Journal” qəzeti mümkün hücum təhlükəsi ilə əlaqədar ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bütün B-1 strateji bombardmançı təyyarələrinin Feyrford bazasından çıxarılaraq ABŞ-yə qaytarıldığını yazmışdı.

Sentyabrın 27-də hərbi bazanın yaxınlığında Londonun beş sakini saxlanılıb. Onlar partlayıcı maddələr və terrorçuluqla bağlı qanunvericiliyi pozmaqda şübhəli bilinsələr də, ertəsi gün girov müqabilində sərbəst buraxılıblar.

Oktyabrın 1-də isə Londonun mərkəzində Britaniya və İran vətəndaşlığına malik 25 yaşlı şəxs terrorçuluqla mübarizə qanunvericiliyi əsasında saxlanılıb. Daha sonra o da girov müqabilində azad edilib.

Sonradan hərbi bazaya hücum hazırlığı ilə əlaqədar yeddinci şübhəlinin də saxlanıldığı açıqlanıb.