BAKI, 11 noyabr. TELEQRAF

İsrail ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı 20 bəndlik sülh planının həyata keçirilməsi üçün HƏMAS-ın dərhal və tam şəkildə tərksilah olunmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb.

Bəyanatda vasitəçi ölkələrin HƏMAS-dan Qəzza zolağının bütün ərazisində silahları təhvil verməsini tələb etməli olduğu bildirilib.

“İsrail vasitəçiləri HƏMAS-ın Qəzzanın bütün ərazisində dərhal tərksilah olunmasını tələb etməyə çağırır ki, Prezident Trampın 20 bəndlik planı həyata keçirilə bilsin. Plana əsasən, Qəzzanın bərpasına başlanmazdan əvvəl HƏMAS silahlarını təhvil verməli, bölgə isə tamamilə demilitarizasiya edilməlidir. Bu günədək HƏMAS bir ədəd belə silah təhvil verməyib”, – açıqlamada qeyd olunub.

Netanyahunun ofisi İsrailin ABŞ və Sülh Şurası ilə sıx əməkdaşlıq etdiyini, Trampın sülh planının uğurla həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Bundan əvvəl “Axios” portalı mənbəsinə istinadən Trampın ötən həftə Netanyahuya müraciət edərək Qəzza üzrə sülh planının icrasını sürətləndirəcək addımlar atmasını istədiyini yazmışdı.

Xatırladaq ki, 2025-ci ilin yanvarında ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs barədə razılıq əldə olunub.

Razılaşmanın birinci mərhələsi döyüş əməliyyatlarının dayandırılmasını, girovların azad edilməsini, humanitar yardımların artırılmasını və İsrail qoşunlarının qismən geri çəkilməsini nəzərdə tuturdu.

İkinci mərhələ isə münaqişənin tam dayandırılması və Qəzzanın gələcək idarəetmə mexanizminin müəyyənləşdirilməsini əhatə edir.

İyulun 30-da Tramp razılaşmanın HƏMAS-ın tam tərksilahını nəzərdə tutan ikinci mərhələsinin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.