BAKI, 11 noyabr. TELEQRAF

İsrail qış mövsümü ərəfəsində Qəzza zolağına əlavə humanitar yardımların çatdırılmasına icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb.

Bildirilib ki, İsrail Sülh Şurası, BMT, beynəlxalq təşkilatlar və donor ölkələrlə əməkdaşlıq çərçivəsində Qəzza əhalisinin qışa hazırlığına dəstək göstərir.

“HƏMAS-ın tərksilah öhdəliklərini yerinə yetirməkdən imtina etməsinə baxmayaraq, İsrail qış şəraitində əhalinin vəziyyətini yüngülləşdirmək məqsədilə Qəzzaya əlavə humanitar yüklərin daxil olmasına icazə verib”, – bəyanatda qeyd olunub.

Məlumata görə, qışa hazırlıq planı çərçivəsində Qəzzaya 91 min çadırın, brezent örtüklər, ədyallar və qış geyimləri daşıyan 8200 yük maşınının, həmçinin çirkab suların təmizlənməsi və daşınması üçün 12 xüsusi texnikanın göndərilməsi nəzərdə tutulur.

Bundan əlavə, su təchizatı və kanalizasiya şəbəkələrinin təmiri, nasos stansiyalarının fəaliyyəti üçün yanacaq təminatı da plana daxildir.

Netanyahunun ofisi İsrailin Qəzza əhalisinin qışa hazırlığına dəstəyi davam etdirəcəyini bildirib.

Bununla yanaşı, bəyanatda HƏMAS-ın humanitar yardım və avadanlıqlardan hərbi potensialını bərpa etmək üçün istifadə etməsinə yol verilməməli olduğu vurğulanıb.

İsrail tərəfi Qəzzanın bərpası qarşısında əsas maneənin HƏMAS-ın tərksilahdan imtina etməsi olduğunu iddia edib.

Xatırladaq ki, 2025-ci ilin yanvarında ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.

Razılaşmanın birinci mərhələsi hərbi əməliyyatların dayandırılmasını, girovların azad edilməsini, humanitar yardımların artırılmasını və İsrail qoşunlarının qismən geri çəkilməsini nəzərdə tuturdu.

İkinci mərhələ isə münaqişənin tam dayandırılması və Qəzzanın gələcək idarəetmə mexanizminin müəyyənləşdirilməsini əhatə edir.

İyulun 30-da ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın tam tərksilahını nəzərdə tutan ikinci mərhələnin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.