BAKI, 13 avqust. TELEQRAF
ABŞ hakimiyyəti 155 millimetrlik artilleriya mərmilərinin istehsalını artırmaq məqsədilə Texas ştatındakı zavoda 533 milyon dollar vəsait yatırsa da, müəssisə istifadəyə yararlı bir mərmi belə istehsal edə bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə “ProPublica” qeyri-kommersiya təşkilatı məlumat yayıb.
Məlumata görə, söhbət “General Dynamics” şirkətinin Dallas yaxınlığında yerləşən müəssisəsindən gedir. Zavodda istehsalın artırılması, o cümlədən Ukraynaya göndərilməsi nəzərdə tutulan 155 millimetrlik mərmilərin buraxılışının genişləndirilməsi planlaşdırılıb.
2024-cü ildə Pentaqon müəssisə üçün Türkiyədən yeni istehsal avadanlıqlarının alınmasına vəsait ayırıb. Lakin gözləntilərin əksinə olaraq, avadanlıqlar istehsalın səmərəliliyini artırmayıb, tez-tez sıradan çıxıb və qüsurlu məhsulların hazırlanmasına səbəb olub.
Nəticədə 2025-ci ildə zavodun üç istehsal xəttindən ikisinin fəaliyyəti dayandırılıb. Üçüncü xətt fəaliyyətini davam etdirsə də, müəssisə indiyədək istifadəyə yararlı bir mərmi belə istehsal etməyib.
“ProPublica”nın məlumatına görə, ABŞ ordusu vergiödəyicilərinə 533 milyon dollara başa gələn layihəyə görə nə “General Dynamics”dən, nə də onun Türkiyədəki podratçısı “Repkon” şirkətindən vəsait tələb edib. Əksinə, şirkətlər yeni müqavilələr almaqda davam ediblər.
ABŞ Quru Qoşunları isə xərclənmiş vəsaitin “General Dynamics”dən gələcək istehsal sifarişlərinə endirimlər əldə etməklə kompensasiya olunmasının nəzərdə tutulduğunu bildirib.